Seymur Orucov: Prezident İlham Əliyev bir daha media qarşısında bəyan etdi ki, Azərbaycan öz ərazilərinin xeyli hissəsini həm hərbi, həm də sülh yolu ilə qaytarıb

Oxunma sayı: 81
3-03-2021, 14:46

Seymur Orucov: Prezident İlham Əliyev bir daha media qarşısında bəyan etdi ki, Azərbaycan öz ərazilərinin xeyli hissəsini həm hərbi, həm də sülh yolu ilə qaytarıb


Ağstafa Rayon İcra Hakimiyyətinin Başçısı Seymur Orucov - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında bir daha sübut etdi ki, xalqları dünyada məhşurlaşdıran təkcə onların zəngin təbii sərvətləri və maddi mədəniyyət incilər deyil, həm də dünya siyasətində mühüm rol oynayan fenomen şəxsiyyətlərdir. İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə ön sıralardadır. Onunla hesablaşır, ona hörmət və ehtiramla yanaşırlar. İlham Əliyev dörd saatdan artıq davam edən müsahibədə 35-dən çox dünya mediasının 50-yə yaxın sualını cavablandırdı. Qeyd edim ki, müharibə vaxtı 44 gün ərzində Prezident İlham Əliyev 30-dan artıq müsahibə vermişdi. Çünki buna ehtiyac var idi. Məhz həqiqəti və mövqeyimizi dünyaya çatdırmaq üçün hər gün bəyanatlar verir, Azərbaycan xalqına müraciətlər edirdi.
Xocalı soyqırımının 29-cu ildönümündə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqla yanaşı bir daha bəyan etdi ki, Xocalı soyqırımı Ermənistan faşizminin təzahürüdür. Hərbi təxribatlar, terror aktları, dinc əhaliyə qarşı qəddarlıq, şəhərlərimizin, kəndlərimizin atəşə tutulması, eyni zamanda, İkinci Qarabağ müharibəsi dövründə ballistik raketlərlə dinc şəhərlərin bombalanması – bütün bunlar erməni faşizminin təzahürləridir. Xocalı soyqırımının törədilməsindən ötən 29 il ərzində bir çox ölkələrin parlamentləri, eyni zamanda, beynəlxalq təşkilatlar tərəfindən bu qətliama soyqırımı kimi qiymət verilib. Aparılan uğurlu siyasət nəticəsində dünyada Xocalı soyqırımı ilə bağlı artıq geniş məlumat var. Xüsusilə, Heydər Əliyev Fondunun “Xocalıya ədalət!” şüarı altında bir çox ölkələrdə müxtəlif tədbirlər keçirilib və bu gün Xocalı faciəsini 17-dən artıq ölkə tanıyıb. Bundan başqa 57 ölkənin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı da Xocalı soyqırımını tanıyıb. Bununla bağlı təşkilatın bir neçə qətnaməsi var.
Prezident İlham Əliyev bir daha media qarşısında bəyan etdi ki, Azərbaycan öz ərazilərinin xeyli hissəsini həm hərbi, həm də sülh yolu ilə qaytarıb. Həmin ərazilərin bərpa edilməsi, keçmiş köçkünlərin qaytarılması və bu insanların normal həyatının təmin edilməsi əsas məsələlərdəndir. Prezident İlham Əliyevin qərarı ilə ötən il bir neçə min ailə üçün mənzil və evlər inşa edilmişdir. Həmin evlər, məcburi köçkünlər üçün nəzərdə tutulsa da, işğal olunmuş ərazilər azad edildikdən sonra şəhid ailələrinə verildi. Bu yaxınlarda 1572 ailəlik şəhərciyin açılışı və bu ilin sonuna qədər daha 3 min şəhid ailəsinin ev və mənzillərlə təmin edilməsi şəhid ailələrinə dövlət qayğısının bariz nümunəsidir.
Dövlətimizin başçısı bildirdi ki, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və bərpası mərhələli şəkildə həyata keçiriləcək. Həmin ərazilərdə kənd təsərrüfatı fəaliyyətinə artıq başlanılıb. 7 min hektardan çox ərazidə payızlıq buğda əkilib. Füzulidə tikintisi aparılan aeroportun cari ilin payız aylarında açılışı nəzərdə tutulur. Aeroport ilə eyni vaxtda Şuşa şəhərinə iki avtomobil yolu tikilir. Həmin yollardan birinə “Qələbə yolu” adı veriləcəkdir. Minalardan təmizləmə prosesi başa çatandan sonra “ağıllı kənd” layihəsi artıq gerçəkləşməyə başlayacaqdır. Zəngilan rayonunun üç kəndində - Birinci, İkinci, Üçüncü Ağalı kəndlərində bu layihə həyata keçiriləcək. Orada təqribən 1000-ə yaxın insan yerləşəcək.
Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə dağıdılmış maddi irsimizdən danışarkən vurğuladı ki, Ağdam məscidində donuz, inək saxlanılması Ermənistan tərəfindən bütün müsəlman aləminə edilən təhqirdir. Azad edilmiş torpaqlarda məlumatlara görə, 67 məscid var idi, onlardan cəmi biri nisbətən salamat vəziyyətdədir. Qalanlar ya tam dağıdılıb, ya da ki, onların böyük hissəsi dağıdılıb. Dövlət başçısı bildirdi ki, Qarabağın bərpası üçün başlanğıc olaraq 2,2 milyard manat investisiya ayırıb. Qarabağın “yaşıl enerji” zonası elan edilməsi ilə dünyanın aparıcı enerji şirkətləri ümumi həcmi 440 meqavata bərabər günəş və külək elektrik stansiyaları tikintisinə sərmayə yatırmaq arzusunda olduqlarını bildiriblər. Kəlbəcər-Laçın zonasında külək stansiyaları, Zəngilan-Cəbrayıl zonasında isə günəş enerji stansiyalarının tikintisi üçün Azərbaycanın müvafiq strukturlarına əcnəbi tərəfdaşlarla bu məsələlər üzərində işləmək tapşırığı verilib.
10 noyabrdan sonra ermənilər öz mənfur fəaliyyətindən əl çəkmədilər, əksinə, 20 gün ərzində çalışdılar ki, maksimum bizim təbiətimizə və əmlakımıza ziyan vursunlar. İşğala qədər meşələrimizin ümumi həcmi təqribən 220-230 min hektar idi, 54 min hektar meşə fondu ermənilər tərəfindən qırılıb, dağıdılıb. Azad edilmiş torpaqlarda 100 min hektara yaxın taxıl sahələri var idi, onları qanunsuz istismar edirdilər. Beynəlxalq məhkəmələrdə buna nə dərəcədə reaksiya veriləcək? O, işin ikinci məsələsidir. Burada, əlbəttə ki, əsas məsələ obyektivlikdir. Əgər obyektiv yanaşma olsa, əlbəttə ki, onlar bütün bunlara görə təzminat ödəməli olacaqlar. Bəzi dövlətlərin Azərbaycana qarşı ikilistandart mövqeyi davam edir. ABŞ-ın azadlığa dəstək aktının 907-ci düzəlişi bizə hələ də sanksiyalar tətbiq edir. Ermənistanda son bir-iki il ərzində nə qədər müxalifət lideri həbs edildi. Nə qədər insan öz hüquqlarından məhrum edildi. Hətta siyasi qətllər də baş verdi. Heç bir beynəlxalq təşkilat onları qınamadı.
Bütün bunlara baxmayaraq, “Biz özümüzə məxsus olanı qaytarmışıq və nümayiş etdirmişik ki, bizim sözümüz və əməlimiz eyni dəyərə malikdir” - İlham Əliyev

Paylaş
Xəbər lentİ