Bu gün dünya beynəlxalq münaqişələrin həllində ikili, üçlü standartların tətbiq olunduğu, güclünün haqlı, zəifin haqsız olduğu vəhşi təbiət qanunları ilə idarə olunan bir arenaya çevrilmişdir

Oxunma sayı: 205
16-10-2021, 13:31

Bu gün dünya beynəlxalq münaqişələrin həllində ikili, üçlü standartların tətbiq olunduğu, güclünün haqlı, zəifin haqsız olduğu vəhşi təbiət qanunları ilə idarə olunan bir arenaya çevrilmişdir


İkinci dünya müharibəsindən sonra dünyada təhlükəsizliyin bərqərar olmasını və davamlılığını təmin etmək məqsədilə Birləşmiş Millətlər Təşkilatı yaradıldı. Missiyası dünyada sülhün və əmin-amanlığın qorunması, dövlətlərarası mübahisələrin kompromis yolu ilə həllinə töhfə verilməsi olan BMT təəssüflər olsun ki, bu gün qlobal güclərin öz istəklərini diktə etdikləri bir alətə çevrilib.

İllərdir ölkəmizə qarşı işğalçılıq və təcavüz siyasəti yürüdən Ermənistan 90-cı illərin əvvəlində də bu niyyətini davam etdirərək müstəqilliyini yenicə əldə etmiş Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməyə başladı. Çox keçmədi ki, keçmiş SSRİ qüvvələrinin qalıqları ilə birgə hərəkətə keçən erməni silahlı birləşmələri beynəlxalq hüquqla müəyyən olunmuş müharibə aparılması qaydalarına belə riayət etmədən, dinc əhaliyə qarşı insanlığa xas olmayan vəhşiliklər törətməklə Azərbaycan ərazilərinin bir hissəsini işğal etdi. BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə icra olunmadan qaldı... 27 sentyabr 2020-ci il tarixi gəlib çatanadək.

Uzun illərdir davam edən Qarabağ münaqişəsi bu gün artıq öz həllini tapıb. Azərbaycan öz haqlı mübarizəsini Müzəffər Ali Baş Komandanının qətiyyəti və müasir silahlarla silahlanmış, illərdir o günü həsrətlə gözləyən mərd Azərbaycan Əsgərinin şücaəti hesabına əldə edib. Ancaq Azərbaycanın zəfəri təkcə torpaqlarımızın geri qaytarılması və illərdir dədə-baba yurdlarının həsrətində olan vətəndaşlarımızın öz yurd-yuvalarına qayıtması demək deyildi, bu həm də haqqın və haqlının zəfəri idi. 2021-ci il 11 oktyabr tarixində Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin “Beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların qərarları ilə bağlı ikili standartlar və selektiv yanaşmanın tətbiqi dünyada münaqişələrin ədalətli həllinə mənfi təsir göstərir” fikirləri təəssüflər olsun ki, günümüzün reallığını əks etdirir. Bu gün dünya beynəlxalq münaqişələrin həllində ikili, üçlü standartların tətbiq olunduğu, güclünün haqlı, zəifin haqsız olduğu vəhşi təbiət qanunları ilə idarə olunan bir arenaya çevrilmişdir. Günümüzün tələbi artıq beynəlxalq münaqişələrin həllində çevik, nəticəyönümlü alətlərin formalaşdırılması və dövlətlərarası münaqişələrin ədalətli həllinə töhfə verəcək bir sistemin qurulmasıdır. Bu gün dünyada BMT-nin fəaliyyəti ilə bağlı artan haqlı narazılıqlar yəqin ki, çox yaxın gələcəkdə öz nəticəsini verəcək.

Azərbaycan Respublikası

Dövlət Gömrük Komitəsi Akademiyasının

Katibliyinin hüquqşünası Seymur Əsgərli

Paylaş
Xəbər lentİ