Münaqişənin keçmişdə qalması və bölgə üçün yeni bir səhifənin açılması ilə bağlı atılan ən vacib addımlardan biri də məhz “Dağlıq Qarabağ” adlı ərazi vahidliyinin ləğvi oldu

Oxunma sayı: 143
16-10-2021, 13:30

Münaqişənin keçmişdə qalması və bölgə üçün yeni bir səhifənin açılması ilə bağlı atılan ən vacib addımlardan biri də məhz “Dağlıq Qarabağ” adlı ərazi vahidliyinin ləğvi oldu


2021-ci il 11 oktyabr tarixində Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev bir neçə tezislə çıxış etdi. Həmin tezislərdən biri də məhz Dağlıq Qarabağ münaqişəsinin öz həllini tapması və münaqişənin keçmişdə qalması ilə bağlı idi.

İlham Əliyev tezisində qeyd etdi ki, Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin daim dəstəklənməsi münasibətlərimizin davamlı olması üçün zəmin yaratmışdır. Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olan Qoşulmama Hərəkatının yeddi ölkəsinin Azərbaycana verdiyi dəstək əhəmiyyətli hadisə idi. Beləki, onlar BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrinə istinadın edilmədiyi birtərəfli mətbuat açıqlamasının qəbul edilməsinə imkan vermədilər. Bununla da, həmin ölkələr Qoşulmama Hərəkatının sənədlərindən qaynaqlanan Hərəkatın prinsipial mövqeyinə möhkəm sadiqliyini nümayiş etdirdilər. 2020-ci il sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı genişmiqyaslı hərbi hücum törətdi. Buna cavab olaraq, Azərbaycan Ordusu öz ərazimizdə əks-hücum əməliyyatına başladı və işğal olunmuş torpaqlarımızı azad etdi. 44 günlük Vətən müharibəsi nəticəsində tamamilə məğlub edilmiş Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasını təmin etdi, 30 illik münaqişəyə son qoydu və hərbi-siyasi yollarla ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi artıq öz həllini tapıb və keçmişdə qalıb.

Prezident cənab İlham Əliyev münaqişənin keçmişdə qalması və aparılacaq müzakirələrin artıq bölgənin gələcəyi ilə bağlı olmasını dəfələrlə qeyd etmişdir. Bölgədəki yeni reallığı Beynəlxalq ictimaiyyətə çatdırmaq üçün bir sıra addımlar atıldı. Beləki, 11 yanvar 2021-ci il tarixində Moskvada Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında razılaşma imzalandıqdan sonra keçirilən mətbuat konfransında İlham Əliyev qeyd edirdi: "Bütün bunlar onu göstərir ki, Vladimir Vladimiroviçin bir dəfə dediyi kimi, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə - qonşuluqda birgə necə yaşamağı, nəqliyyat arteriyalarının blokdan çıxarılmasına dair məsələləri necə həll etməyə çalışmağı və gələcəkdə regionun təhlükəsizlik və stabiliyini gücləndirməyi düşünməliyik."

Prezident İlham Əliyev iyunun 25-də Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borelin mandatı əsasında Azərbaycana səfər edən Rumıniyanın xarici işlər naziri Boqdan Aureskunu, Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberqi, Litvanın xarici işlər naziri Qabrielius Landsbergisi və Avropa İttifaqının nümayəndə heyətini qəbul edərkən deyirdi: "Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat bəzi beynəlxalq siyasətçilərin təqdim etməyə çalışdığı

kimi, təkcə atəşkəs razılaşması deyil. Bu sənədə baxan hər kəs görəcək ki, o, təkcə atəşkəslə bağlı deyil, bir çox başqa məsələlərlə bağlıdır. Biz postmünaqişə vəziyyəti barədə düşünməliyik. Çıxışımın əvvəlində qeyd etdiyim kimi, biz səhifəni çevirməyə, irəli getməyə və regional sabitliyə töhfə verməyə hazırıq".

Münaqişənin keçmişdə qalması və bölgə üçün yeni bir səhifənin açılması ilə bağlı atılan ən vacib addımlardan biri də məhz “Dağlıq Qarabağ” adlı ərazi vahidliyinin ləğvi oldu. İlham Əliyev Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlilləri ilə keçirilən görüşdə qeyd edirdi: “Azərbaycan üçün münaqişə ilə bağlı həll edilməmiş məsələ qalmayıb. Biz öz sərhədlərimizə çıxmışıq, Ermənistan-Azərbaycan sərhədini nəzarətə almışıq. Biz artıq quruculuq işlərinə başlamışıq. Əgər kimsə deyirsə ki, münaqişə həll olunmayıb, gəlsin desin, bunun həllini necə görür, nə həll olunmayıb? Əgər dırnaqarası Dağlıq Qarabağın statusundan söhbət gedirsə, mən demişəm, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Ümumiyyətlə, bu söz, ifadə işlədilməməlidir. Dağlıq Qarabağ yoxdur, Qarabağ var. İyulun 7-də imzaladığım fərman əsasında Qarabağ iqtisadi zonası yaradıldı. Bütün Qarabağa aid olan rayonlar orada birləşib”.

Son olaraq qeyd edim ki, Prezident İlham Əliyev 2021-ci il oktyabrın 15-də Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında çıxış etdi. İlham Əliyev qeyd edirdi: “Müharibənin başa çatmasından, Vətən müharibəsində Azərbaycanın Qələbəsindən bir il keçməsi ilə əlaqədar bizim regionda yaranmış vəziyyət barədə sizi məlumatlandırmaq istərdim. Bu bir il ərzində nələr baş verməsi, qarşımızda duran çağırışlar və regional inkişafın perspektivləri barədə informasiyanı sizə təqdim etmək istərdim.

Bütövlükdə postmünaqişə dövrü sakit keçir. Ona görə “postmünaqişə dövrü” deyirəm ki, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən qətnamələrini yerinə yetirib və Azərbaycan Ermənistanla münaqişəni hərbi-siyasi yolla həll edib”.

Dövlət Gömrük Komitəsinin Akademiyasının müəllimi

Samir Həsənov

Paylaş
Xəbər lentİ