Dayanıqlı sülh və inkişaf hüquqları Azərbaycan təcrübəsində

Oxunma sayı: 93
16-10-2021, 13:29

Dayanıqlı sülh və inkişaf hüquqları Azərbaycan təcrübəsində


Beynəlxalq ənənəvi insan hüquqları sistemində sülh hüququ və inkişaf hüququ nisbətən daha az müzakirə edilən və daha məhdud normativ bazaya malik olsa da, dünya miqyasında son dövrlərdə artan silahlı toqquşmalar, müharibələr, kütləvi qırğınlar, beynəlxalq cinayətlər və haqsız insan ölümləri qeyd olunan hər iki hüququn yeni kontekstdə daha geniş şəkildə nəzərdən keçirilməsinə səbəb olmuşdur. Hər iki hüquqla bağlı nə beynəlxalq, nə də milli hüquq miqyasında ümumməcburi hüquq normaları olmadığından bir sıra alimlər tərəfindən ayrıca sülh hüququ və inkişaf hüquqlarının obyektiv mövcudiyyəti şübhə altına alınsa da, əminliklə deyə bilərik ki, həm sülh hüququnun, həm də inkişaf hüququnun ayrıca insan hüququ kimi tanınması müasir beynəlxalq hüquq sisteminin zəruri amillərindən biridir. Müxtəlif beynəlxalq qurumların, xüsusilə BMT Baş Məclisinin qəbul etdiyi beynəlxalq hüquq sənədlərinin öyrənilməsi sübut edir ki, sülh və inkişaf hüquqlarına yanaşma 3 müxtəlif istiqamətdə cəmləşə bilər: digər hüquq və azadlıqların qorunması, təmin edilməsi və yerinə yetirilməsi üzrə ilkin şərtlərdən biri kimi; Dayanıqlı İnkişaf Məqsədlərinə həsr edilmiş 2030 Gündəliyinin tərkib elementi və dayanıqlı inkişaf ideyalarının hüquqi elementi kimi və beynəlxalq insan hüquqları sisteminə daxil olan fərdi və kollektiv insan hüququ kimi.

Əzəli torpaqlarını erməni işğalından azad edən, beynəlxalq hüquqla fundamental şəkildə tanınmış özünümüdafiə hüququndan istifadə edən və “ədalətli müharibə” aparan Azərbaycan Respublikası üçün göstərilən hüquqların hər 3 istiqamətdə təhlili və pozuntularının araşdırılması xüsusilə əhəmiyyətlidir və aktualdır. Nəzərə alsaq ki, BMT Nizamnaməsi, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Avropa İnsan Hüquqları Konvensiyası, Afrika İnsan və xalqların hüquqları Xartiyası, İnsan Hüquqlarına dair Amerikaarası Konvensiya başda olmaqla, bütün beynəlxalq hüquq sənədləri sülhün davamlı şəkildə qorunması və hərtərəfli, davamlı inkişafın təmin olunması istiqamətinə yönəlmişdir, demək ki, dayanıqlı sülh və inkişaf hüquqları həm Azərbaycan xalqının malik olduğu, həm də Azərbaycan xalqının qorunmalı olan hüquqlarından biri kimi barəsində beynəlxalq birliyin və bütün aparıcı dövlətlərin mənəvi öhdəlik daşıdığı konsepsiyalardır. Eyni zamanda, Ermənistan dövlətinin işğalçılıq siyasətinə və ermənilərin əzəli Azərbaycan torpaqlarında törətdiyi cinayətlərə düzgün və obyektiv qiymət verilməsinə səsləyən Qoşulmama Hərəkatının fəaliyyəti də xalqımızın, xüsusilə doğma yurd-yuvalarından didərgin düşmüş insanların dayanıqlı sülh və inkişaf hüquqları müstəvisində xüsusilə mühüm vacibiyyət daşıyır.

Qeyd edilənlər, habelə Azərbaycan Respublikasının Ermənistana və erməni terrorçularına qarşı apardığı apardığı ədalətli müharibə Qoşulmama Hərəkatının Cənubi Qafqaz regionunda sülh və ədalət prinsiplərini təbliğ etməsini, bütün dünya birliyini Azərbaycan Respublikasının ərazi bütövlüyünü qorumasına dəstək durmağa çağırmasını bir daha şərtləndirir. Dayanıqlı sülh və inkişaf hüquqlarının beynəlxalq məhkəmə müdafiəsi və bu sahədə beynəlxalq məhkəmə təcrübəsi az olsa da, hesab edirik ki, Qoşulmama Hərəkatının yüksək tribunası vasitəsi ilə Azərbaycan xalqının, xüsusilə də erməni cinayətkarlığından zərər çəkən vətəndaşların pozulmuş sülh və inkişaf hüquqlarının dəfələrlə bəyan edilməsi xüsusi önəm daşıyır.

Hazırkı dövrdə biz azad edilmiş əzəli Azərbaycan torpaqlarında Ermənistan dövlətinin və erməni cinayətkarlarının müəyyən ziddiyyətlər və iğtişaşlar törətməyə cəhd göstərdiyinin şahidi oluruq. Bu baxımdan Azərbaycan xalqının dayanıqlı sülh və inkişaf hüquqlarının pozulması davamedici xarakterə malikdir və müəyyən tarixi mərhələlər şəklində hüquqi qiymətləndirmənin obyekti olmalıdır: torpaqlarımızın işğalı və mühüm beynəlxalq cinayətlərin törədilməsinə hazırlıq dövründə dayanıqlı sülh və inkişaf hüquqları üzrə pozuntulardır. Azərbaycan xalqının pozulmuş dayanıqlı sülh və inkişaf hüquqlarının pozuntusunun nəzəri əsaslarına daha 2 arqumenti də əlavə etmək mümkündür. İlk arqument işğal edilmiş Azərbaycan ərazilərinin azad edilməsi ilə bağlı məsələnin sülh yolu ilə həllindən Ermənistan dövlətinin imtinası və ya gecikdirilməsi ilə bağlıdır. Digər bir tərəfdən isə, işğal olunmuş ərazilərdən didərgin düşmüş keçmiş məcburi köçkünlərin və qaçqınların taleyi Ermənistan dövlətini heç bir zaman maraqlandırmamış, Ermənistan bu istiqamətdə ən sadə problemlərinin həllində belə Azərbaycan ilə əməkdaşlıq etməmiş, nəticə etibarı ilə bütövlükdə probleminin həlli Azərbaycan dövlətinin üzərinə atılmışdır. Ümid edirik ki, yaxın gələcəkdə getdikcə artan beynəlxalq nüfuzu sayəsində Qoşulmama Hərəkatının qeyd edilən hüquqi məsələlərin həllində də Azərbaycan Respublikasına ədalətli və haqlı dəstəyi özünü göstərəcəkdir.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının

müəllimi Şahin Məmmədrzalı

Paylaş
Xəbər lentİ