Artıq ata-baba yurdlarından didərgin düşmüş həmyerlilərimiz doğma yurdlarına qayıdacaqlar

Oxunma sayı: 248
16-10-2021, 13:04

Artıq ata-baba yurdlarından didərgin düşmüş həmyerlilərimiz doğma yurdlarına qayıdacaqlar



“QARABAĞ AZƏRBAYCANDIR!” söyləyib başladığımız bu yolun sonunda bütün dünyaya Qarabağın Azərbaycanın ayrılmaz bir hissəsi olduğunu sübut etdik.

Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti, ordumuzun qorxmazlığı və xalqımızın birliyinin nəticəsidir ki biz bu gün qalib ölkənin vətəndaşı kimi qürurla çıxış edirik.

Erməni terrorundan azad edilmiş ərazilərimiz arasında qızıl, qara mərmər yataqları ilə seçilən dilbər guşələrimizdən olan Zəngilan da var.

1990-93-cü illərin Azərbaycan xalqına gətirdiyi kədər, hüzün, həsrət 2020-də bitdi. Bundan 27 il öncəyə qayıtsaq, Zəngilan rayonunun öz xalqından uzaq dövrünün başlanğıcını görərik.

Zəngilan rayonu 29 oktyabr 1993-cü ildə təcavüzkar Ermənistan tərəfindən işğal olunmuşdur. İşğal nəticəsində rayon ərazisindəki onlarla milli və tarixi-dini abidə talan olunmuşdur. Əhali vəhşicəsinə ata-baba yurdundan qovulmuşdur.

1993-cü ildə Zəngilan uğrunda mübarizələr digər rayonlarımızdaki kimi uğursuz oldu. Belə hala bir çox səbəb göstərə bilərik; Əlaqə vasitələrinin zəif olması, mövcud bir stratejik planın olmaması...

Günlər, aylar, illər keçdi. Dövran döndü və Azərbaycan ordusu təkrar Zəngilan, həmçinin işğal altında olan digər rayonlarımız uğrunda mübarizəyə başladı.

Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlamışdır. Zəngilan döyüşləri Sərhəd Qoşunlarının Komandanlığı altında aparıldı. Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etmişdir. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi.

2020-ci il dekabrın 23-də Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Zəngilan rayonuna gəldilər. Prezident İlham Əliyev Zəngilan şəhərində Azərbaycan bayrağını qaldırdı. Qələbədən sonra Zəngilan rayonuna 3 səfər etmiş Prezident İlham Əliyev aparılan bütün bərpa və quruculuq işlərinə bilavasitə özü nəzarət edir. İşğaldan azad olunmuş rayonlarda icra olunan layihələr regionun sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaqdır. Prezident İlham Əliyevin səfərləri onu göstərir ki, “Böyük Qayıdış” üçün bütün mövcud potensiallar səfərbər olunub. Zəngilan rayonunda bir neçə aydan sonra artıq birinci qrup keçmiş köçkünlər yerləşəcək.

Və budur. Azərbaycanın Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevin başçılığı altında güclü ordumuz tərəfindən işğaldan azad olunmuş rayonlarımız öz

sahiblərinə qayıtdı. Ön cəbhədə, arxa cəbhədə bütün əhalinin qatlandığı çətin günlər geridə qaldı. Azərbaycanımızın ərazi bütövlüyü təmin olundu.

Ata-baba yurdundan didərgin düşmüş həmyerlilərimiz doğma yurdlarına qayıdacaqlar. Məcburi köçkün adlandırılmış həmvətənlərimiz artıq qürurla, ürək açıqlığı ilə biz öz evimizdəyik deyəcəklər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Qarabağ Azərbaycandır!” Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.

Maştağa qəsəbəsi, 255 saylı tam orta məktəbin

coğrafiya müəllimi Cahid Əliyev

Paylaş
Xəbər lentİ