Qürur duyuruq ki, Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ilini öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edirik

Oxunma sayı: 130
15-10-2021, 12:53

Qürur duyuruq ki, Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ilini öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edirik



Şanlı tarixə malik xalqımız zaman-zaman ağır sınaqlardan keçmiş, XX əsrdə iki dəfə müstəqillik əldə etmək məcburiyyətində qalmışdır. Avropa və Asiya qitələrinin sərhəddində yerləşən Azərbaycan həmişə mürəkkəb tarixi hadisələrin iştirakçısı olmuşdur. 1918-ci il may ayının 28 də şərqdə ilk demokratik cümhuriyyəti yaradan xalqımız müasirliyi, insan azadlığı, demokratik prinsiplər və suverenliyi ilə digər dövlətlərə örnək olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. Təəssüflər olsun ki, XX əsrin əvvəllərində yaranmış tarixi şərait, xarici müdaxilələr və beynəlxalq təminatın olmaması 23 aydan sonra Azərbaycan Xalq Cümhuriyyətinin öz müstəqilliyini itirməsinə səbəb oldu.

Dövlət müstəqilliyimizin bərpası yaranmış tarixi şəraitdən əlavə, həm də Azərbaycan xalqının müstəqillik arzusu və azadlıq mübarizəsi nəticəsində mümkün olmuşdur. Azərbaycanın da daxil olduğu Sovetlər birliyinin dağılması, Ermənistanın ölkəmizə qarşı başladığı ərazi iddiaları və müharibə şəraiti müstəqilliyimizin bərpasına böyük təhlükə törədirdi. Müstəqilliyi bərpa etdikdən qısa müddət sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin artan təcavüzü nəticəsində geniş miqyas almış Birinci Qarabağ müharibəsi, digər tərəfdən dövlət rəhbərliyindəki səriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildə gedən siyasi çəkişmələr, vətəndaş qarşıdurması müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini yaradırdı. Müdrik Azərbaycan xalqının tələbi ilə Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyi qorumaq və inkişaf etdirmək mümkün oldu. Azərbaycan ardıcıl islahatlar həyata keçirməyə başladı, qısa zaman ərzində Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs əldə edildi və bunun ardınca iqtisadiyyatda sərbəst ticarət prinsipləri əsas götürülməyə başlandı.

2021-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir.

Həsənova Vəsilə, 90 saylı tam orta məktəbin direktoru

Paylaş
Xəbər lentİ