“Müstəqillik Günü” və “Müstəqilliyin Bərpası Günü”nün qeyd olunması dövrün zəruri addımlarındandır

Oxunma sayı: 93
15-10-2021, 12:52

“Müstəqillik Günü” və “Müstəqilliyin Bərpası Günü”nün qeyd olunması dövrün zəruri addımlarındandır



Bir əsrdə Azərbaycanın dövlət müstəqilliyinin həm elan olunması, həm də bərpa edilməsi əlamətdar hadisələrdir. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edərək, çoxəsrlik dövlətçilik ənənələrini davam etdirib. Xalqımız 1991-ci il oktyabrın 18-də isə müstəqilliyinin bərpasını qeyd edib.

44 günlük Vətən müharibəsində əldə edilmiş Zəfər, Azərbaycanın regionda formalaşdırdığı yeni reallıqlar həmin dəyişiklikləri zəruri edən əsas amillərdəndir. Və qanun layihəsinə əsasən, mayın 28-nin Müstəqillik Günü, oktyabrın 18-nin isə Müstəqilliyin Bərpası Günü elan edilməsi xalqımızın tarixində baş verən mühüm siyasi hadisələrə düzgün, obyektiv qiymət verilməsini təsdiq edən uğurlu addımdır. Qanun layihəsində qeyd edilir ki, 2021-ci il oktyabrın 18-də Azarbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildan sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan, dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyuk önəm kasb edir. Çünki dövlət müstəqilliyi hər bir xalqın tarixində əldə edə bildiyi ən yüksək nailiyyətdir. Tarixi proseslərin gedişi elə gətirib ki, biz bir əsrdə iki dəfə müstəqil dövlət qurmaq imkanına sahib olmuşuq. Biz dövlət müstəqilliyini əldə etmək, qorumaq və möhkəmləndirmək üçün mübarizə aparmış, şəhidlər vermiş bir xalqıq. Ona görə də müstəqillik bizim üçün bütün digər anlayışlardan daha dəyərli, daha qiymətlidir. Bu baxımdan qanun layihəsində 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə dövlət müstəqilliyinin bərpa edilməsi günü kimi təsbit edilməsi hüquqi baxımdan tamamilə doğrudur və bu yanaşma tarixi gerçəkliyi özündə əks etdirir. Bu qanun layihəsini qəbul etməklə müstəqillik tariximizə qanunvericilik səviyyəsində bir sistemlilik gətirilir, Azərbaycanın son 103 ildəki müstəqillik tarixi ardıcıl və mərhələli şəkildə qeyd olunur. Bir sözlə, bu qanun layihəsi biz xalq olaraq ilk dəfədir ki, dövlət müstəqilliyimizin bərpasını, yəni 30 illik yubileyini fərqli formada, ərazi bütövlüyünü bərpa edən, qaməti düz və qəhrəman xalq kimi qeyd edirik.

Abbasova Fərqanə, 72 saylı məktəb-liseyin direktoru

Paylaş
Xəbər lentİ