Azərbaycan təkcə döyüş meydanında deyil, həm də diplomatiya sahəsində qalib gəldi

Oxunma sayı: 154
22-09-2021, 17:13

Azərbaycan təkcə döyüş meydanında deyil, həm də diplomatiya sahəsində qalib gəldi


Azərbaycan Respublikası 2020-ci ilin 27 sentyabr tarixindən başlayaraq mənfur ermənilərin basqınlarına, hücumuna məruz qalmışdır. Təbii ki, başda Ali Baş Komandan olmaqla güclü siyasət yürüdən Azərbaycan ordusu təcavüzkar düşmənin növbəti hücumunun öhdəsindən layiqincə gəlmişdir.

Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdir.

Tarixboyu Azərbaycan xalqı həmişə əmin - amanlığın tərəfdarı olub. Lakin səbrin də bir həddi-hüdudu olur. İşğalçı Ermənistanın sülh danışıqları prosesini pozması, təmas xəttində tez-tez təxribatlara əl ataraq mülki əhaliyə atəş açması Azərbaycana hərbdən başqa yol qoymadı. Təbii ki, müharibənin hər dəqiqəsi, hər saatı qan-qada, ölüm – itimdir. Ona görə 44 gün davam edən Vətən müharibəsi əslində müasir dövr üçün qısa müddət deyil. Danılmaz həqiqətdir ki, müharibədə qələbə döyüş meydanında tökülən qanlar hesabına qazanılır. Ali Baş Komandanın səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarə” ifadəsi ordumuzu hər gün zəfərdən-zəfərə aparan şüara çevrildi. Bu taleyüklü günlərdə hər birimiz həmin ifadənin yaratdığı əhval-ruhiyyənin cazibəsinə düşüb qələbəmizin hər gün, hər an yaxınlaşdığına əmin olduq.

27 sentyabr 2020-ci tarixində ermənilər təxribat törədərək Qarabağ istiqamətində genişmiqyaslı əməliyyatlara başlamışdır. Onlar Azərbaycan ordusunun mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif artilleriya qurğularından istifadə edərək atəşə tutmuşdur. Prezident İlham Əliyevin dəmir yumruq adlandırdığı Azərbaycan xalqı və ordusu mənfur düşmənin cavabını yerindəcə verərək onları susmağa məhkum etmişdir. Hər zaman qələbəyə inanan bir xalq, döyüş meydanında məğlubolunmaz bir ordu olaraq önə çıxan Azərbaycan bir daha sübut etdi ki, öz tarixi torpaqlarını geri qaytarmaq üçün Ali Baş Komandanın tək bir əmri bəs edərdi.

Azərbaycanın şanlı tarixinə parlaq, qürurverici 10 noyabr günü qızıl hərflərlə daxil oldu. Uzun illər boyu xalqımız bu tarixi ədalətin təntənəsini gözləyirdi. 44 günlük Vətən müharibəsi və tarixi qələbəmiz Azərbaycan xalqının nəyə qadir olduğunu göstərdi. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamə təxminən 28 il idi ki, kağız üzərində qalmışdı. Nəhayət, Azərbaycan bu tarixi ədaləti təkbaşına bərpa etdi! Azərbaycanın bir dövlət kimi potensialını nümayiş etdirdi. Bunu düşmən də, onun havadarları da gördü. Ən önəmli məqam isə ondan ibarətdir ki, dünya bu müharibənin gedişində Azərbaycanı yenidən kəşf etdi, ölkəmiz haqqında, onun malik olduğu güc barədə beynəlxalq birlikdə dəqiq təsəvvür formalaşdı. Azərbaycan təkcə döyüş meydanında deyil, həm də diplomatiya sahəsində qalib gəldi. Azərbaycan xalqının bu tarixi qələbəsi ilə erməni lobbisinin onilliklərboyu formalaşdırdığı güclü anti-Azərbaycan informasiya məkanı darmadağın edildi.

Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olmuş, yüz nəfərdən artıq hərbi qulluqçumuz itkin düşmüş, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirmişdir. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur.

Sən sağ olasan, Vətən! Daha bir gənc sənin müqəddəsliyin uğrunda gözünü qırpmadan canını fəda etdi. Bir ata cənazənin yarısında donub qalıb, axı övladını öz əlləri ilə torpağa tapşıracaq. Adi ölüm olsaydı, bu bir ata üçün çox çətin və əzablı olardı. Min

əziyyətlərlə böyütdüyü oğluna, nə böyük arzular bəsləmişdi. Lakin şəhid atası olduğu üçün mətinliyi, vətənpərvərliyi bu hisslərin hamısına qalib gəlir. Başını dik tutub, göz yaşlarını ovundurmağa çalışır. Dindirəndə həzin bir səslə pıçıldayır: “Onlarla belə oğul fəda edərəm Vətən uğrunda, təki Vətən sağ olsun”. Gənc övladını torpağa tapşıran, heç bir təsəlli ilə ovunmayan ana da “Vətən sağ olsun”, - deyir, oğlunun nəşi üstünə sərilən bayrağımızdan, onun əsgər yoldaşlarından təskinlik tapır... Hər kəs baş əyir məzarının önündə, "səninlə fəxr edirik, Azərbaycan əsgəri, şərəflə qorudun Vətəni" deyir.

İllər keçir, hər şey unudulur. Unudulmayan isə təkcə Şəhidlərdir. Onlar tarixdə daim yaşayırlar. Bax, Şəhidlik belə bir zirvədir, ünvanı əbədiyyətdir. Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə vardır. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər.

Balaxanı qəsəbəsi, 259 nömrəli tam orta məktəbin

tarix müəllimi Vəfa Babayeva

Paylaş
Xəbər lentİ